
Bakı. Trend:
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları
gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
“Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul
şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının
sayı xidməti ştata uyğun təşkil olunacaq.
Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də
bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım
müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil
olunacaq.
Belə ki, Bakı şəhərində təcili tibbi yardım briqadası xidmətə
hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də,
dərman preparatları və s. ilə tam təmin olunub.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb
müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri
fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq
həyata keçirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz,
Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında”
qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz
bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar
üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə
təsaduf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart
tarixləri qeyri-iş günləridir. 6 günlük iş həftəsində çalışan
əməkdaşlar üçün 24 mart həftələrarası istirahət gününə təsadüf
etdiyindən 25 mart tarixi qeyri-iş günü olacaq”, – deyə
bildirilib.





























