
Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan
Ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrik
edib.
Trend xəbər verir ki,
təbrikdə deyilir:
“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,
çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd
olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq
rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə
milli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla,
humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə
təcəssüm etdirir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici
siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da
güclənərək, demokratik dövlət quruculuğu prosesində beynəlxalq
nüfuzu artmaqdadır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı
sayəsində hərbi qulluqçuların xidməti şəraitinin daha da
yaxşılaşdırılması, sosial infrastrukturun gücləndirilməsi
istiqamətində orduda genişmiqyaslı islahatlar aparılır.
Respublikamızın müdafiə qüdrətinin artırılmasında qazanılan
böyük nailiyyətlər, düşmən təxribatlarına qarşı aparılan uğurlu
irimiqyaslı əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha
da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər
ili kimi yazıldı.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan
Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata
keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında
qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik
və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi tam təmin edildi. Ötən il Xankəndi şəhərində
keçirilən 8 Noyabr – Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş
Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə
qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha nümayiş
etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Xankəndi şəhərində Zəfər meydanı adlandırdığı meydanda Novruz
tonqalını alovlandırmaqla, Xalq, Millət, Dövlət birliyinin
təcəssümünü və Böyük Qələbəsini təsdiqlədi. Bu gün işğaldan azad
olunmuş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha
da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə
həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi
anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və
mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın
əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə
yetirəcəksiniz.
Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü
uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən
şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir,
valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda
sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram
münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən
təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik,
ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Bu
bayram həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol
ruzi-bərəkət gətirsin.
Bayramınız mübarək olsun”.





























