
Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə
hazırlaşan sürücülərə tövsiyə edib.
İdarədən Trend-ə
verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar qeyri-iş
günlərində paytaxtdan bölgələrə, eləcə də, əks istiqamətdə
nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların
rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol
Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı,
səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək, onlara
nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi,
avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi,
hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu
vacib qaydaya əməl etməyi tövsiyə edib:
“Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli,
ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol
verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən
çəkinməlidirlər.
Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan
arxasına əyləşərək sərnişin daşıma fəaliyyəti göstərən sürücü
potensial təhlükə mənbəyidir.
Dəyərli sürücülər! Yolboyu nümunəvi sürücü davranışı
sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız
sürücülərə münasibətdə səbrli və təmkinli olun. Unutmayın, yol
hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də
əzizlərinizin bayram günlərini xoş əhval-ruhiyyədə keçirməsinə
şərait yaratmış olacaqsınız”.





























