Advertisement

Əcnəbi Diplomatlar üçün “Xarici Siyasət Proqramı” yekunlaşıb (FOTO)

Bakı. Trend:

İyunun 14-də ADA Universitetinin və Xarici İşlər Nazirliyinin
nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq
İnkişafa Yardım Agentliyinin (AIDA) əcnəbi diplomatlar üçün birgə
təşkil etdiyi “Xarici Siyasət Proqramı” öz işini yekunlaşdırıb.

Trend xəbər verir ki, 14 ölkəni təmsil edən 21 diplomat proqramı
bitirərək sertifikat əldə ediblər.

Bu münasibətlə ADA Universitetində keçirilən Məzun günündə bu
ali təhsil müəssisəsinin dövlət, xarici və tələbə işləri üzrə
prorektoru Fariz İsmayılzadə, onun müşaviri Aygün Hacıyeva çıxış
ediblər.

Prorektor Fariz İsmayılzadə AIDA ilə birgə əməkdaşlıq
nəticəsində ərsəyə gələn bu proqramın həm qurumlar arasında
əməkdaşlığın, həm də ölkəmizin diplomatik əməkdaşlığının təzahürü
olduğunu bildirib.

Aygün Hacıyeva sözügedən proqramı yalnız Azərbaycanı, regionu
tanımaq üçün fürsət kimi deyil, diplomatik bacarıqların inkişafı
üçün öyrənmə platforması kimi qiymətləndirib.

Qeyd edək ki, əcnəbi diplomatlar proqram ərzində Qarabağdakı
quruculuq prosesini bilavasitə müşahidə etmək üçün Füzuli rayonuna
səfər ediblər.

Onlar daha əvvəl Qarabağın hava qapısı adlandırılan Füzuli
Beynəlxalq Hava Limanına baş çəkiblər. Daha sonra Şəhidlər üçün
ucaldımış abidə ilə tanış olan qonaqlar Mirzə Uluqbəy adına orta
məktəbdə olublar.

Xatırladaq ki, əcnəbi diplomatlat üçün “Xarici Siyasət
Ptoqramı”nda Qayana, Burkina Faso, Ekvador, Flippin, Syerra-Leone,
habelə Belarus, Moldova, Slovakiya, Tacikistan, Özbəkistan və digər
ölkələri təmsil edən diplomatlar iştirak ediblər.

Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim
heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də
Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və
digər dövlət qurumlarından dəvət edilən qonaqlar xarici diplomatlar
qarşısında beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət,
peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici
siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq
nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi
mövzularla yanaşı, ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm
potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal innovasiya və
ictimai xidmət sahəsindəki uğurları mövzularında məruzələrlə çıxış
ediblər.

Həmçinin iştirakçılar bir sıra dövlət qurumlarında tanışlıq
görüşləri keçirib, eləcə də tarixi-mədəni yerləri ziyarət
ediblər.