Advertisement

DYP-dən bayram günləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Bakı. Trend:

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o
cümlədən, Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət
aparacaq.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində xidmətin təşkili
ilə bağlı əhaliyə müraciətində deyilir.

Qeyd edilib ki, qeyri-iş günlərində nəqliyyat vasitələri
sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması
nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan
keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində
yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat
vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin
olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi
İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də, respublikаnın digər
şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış
şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq
fəaliyyət göstərəcək.

Bildirilib ki, nəqliyyat vasitələrinin sahibləri və sürücülər
asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər
qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə
olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə
bilərlər.