
Bakı. Trend:
İsti yay fəslində əhalinin xüsusilə qeyri-iş günlərində
istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də dənizdir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi
maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki,
bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik
qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da sonda acı
nəticələrə səbəb olur.
Trend xəbər verir ki, bu barədə FHN-nin yaydığı müraciətdə
deyilir.
Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək
çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə
çağırıb.
Bildirilib ki, aşağıdakılar qadağandır:
– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
– küləkli havada dənizə girmək;
– çimərlikdə gecələmək;
– sərxoş halda çimərlikdə olmaq;
– suda kobud hərəkətlər etmək;
– çimərlikdə balıq tutmaq;
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə
çimərliyə daxil olmaq!
Yadda saxlayın:
– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan
və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və
tələblərinə sözsüz əməl edilməlidir!
– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan
sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!




























