
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın “Eko
park”ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ın
yaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekotur
təşkil olunub.
Tədbirdə vətəndaş cəmiyyətinin üzvləri üçün SOCAR-ın yaşıl
gündəliyi üzrə təqdimatlar edilib.
Tədbir iştirakçılarını salamlayan SOCAR-ın mətbuat katibi Orxan
Hüseynov şirkətin müxtəlif istiqamətlər üzrə fəaliyyətindən, neft
şirkətindən enerji şirkətinə transformasiya prosesindən, bu günədək
SOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklər, həyata keçirilən
tədbirlər və layihələr haqqında məlumat verib. Mətbuat katibi
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində təşkil
olunan və keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. Orxan
Hüseynov SOCAR-ın vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmasının
vacibliyini vurğulayaraq, bu kimi tədbirlərin əhəmiyyətindən bəhs
edib və bu xüsusda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürünü
bildirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin və
vətəndaş institutlarının fəaliyyətindən bəhs edərək bu kimi sahəvi
tədbirlərin təşkilinin məlumatlandırma baxımından xüsusi
əhəmiyyətini vurğulayıb. Aygün Əliyeva Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünyana
naminə həmrəylik ili” çərçivəsində Agentliyin təşəbbüsü ilə həyata
keçirilən tədbirlər haqqında məlumat verib.
İcraçı direktor ətraf mühitin qorunması üzrə məsələlərin
vacibliyini qeyd edərək bu sahədə QHT-lərə Agentlik tərəfindən daim
dəstək göstərildiyini bildirib. Aygün Əliyeva ətraf mühitin
mühafizəsi ilə bağlı məsələlərdə SOCAR tərəfindən görülən işlər və
həyata keçiriləcək layihələrdə QHT-lər ilə əməkdaşlığın və mütəmadi
olaraq müzakirələrin aparılmasının səmərəli olacağını diqqətə
çatdırıb.
SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və
əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı
görüşdə “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək
perspektivlər” mövzusunda təqdimatla çıxış edərək COP28-də SOCAR-ın
elan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiya
hədəfləri haqqında ətraflı bəhs edib. SOCAR-ın dekarbonizasiya
proqramının emissiya göstəricilərinin tədqiqi, qiymətləndirilməsi
və emissiyaların azaldılması ilə hədəflərin ətraflı araşdırılmasına
əsaslandığını bildirən Mustafa Qurbanlı 2050-ci ildə bütün
əməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsas
hədəflərindən olduğunu diqqətə çatdırıb.
Mustafa Qurbanlı alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə edilməsi üzrə dövlət siyasətinə dəstək olaraq bərpa olunan
enerji mənbələrinin genişləndirilməsi strategiyasının icrası ilə
əlaqədar SOCAR tərəfindən həyata keçirilən layihələrdən bəhs
edib.
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin baş
direktoru Rəşad Mustafayev tullantıların idarə olunması, neftlə
çirklənmiş ərazilərin, o cümlədən Bakı buxtasının təmizlənməsi və
abadlaşdırılması istiqamətində SOCAR tərəfindən görülən işlər
barədə ətraflı məlumat verib. Rekultivasiya işlərinin planlı
şəkildə həyata keçirildiyini vurğulayan baş direktor təmizlənən
ərazilərin ətraf mühitə təsirinə xüsusi diqqətlə yanaşıldığını
bildirib. Rəşad Mustafayev ətraf mühitinin mühafizəsi və ekoloji
aksiyaların əhəmiyyətindən bəhs edərək şirkət tərəfindən davamlı
əsasda iməcilik, abadlaşdırma və ağacəkmə aksiyalarının
keçirildiyini qeyd edib.
“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev ətraf
mühitin qorunması, çirklənmiş ərazilərin təmizlənməsi üzrə SOCAR
tərəfindən görülən işlər haqqında məlumat verib. Bakı buxtası və
sahil zonasında xüsusi texnologiya və avadanlıqlar vasitəsilə
batmış və yarımbatmış vəziyyətdə olan iri qabaritli tullantıların
müəyyənləşdirilməsi, çıxarılması, daşınması və utilizasiyası üzrə
görülən işlərdən bəhs edib. Trestin müdiri həyata keçirilən
layihənin ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb
Sual-cavab sessiyasında çıxışçılar tədbir iştirakçılarının
suallarını cavablandırıblar.





























