
Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq,
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə
və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun – Milli Qurtuluş
Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bayram günündə şəxsi heyət ölkə ərazisindəki Heydər Əliyev
mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın
Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən
filmləri izləyib, həmçinin hərbi qulluqçular üçün müxtəlif
mədəni-kütləvi tədbirlər təşkil olunub.
Şəhid övladlarının da iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu
Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü
uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.
Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən,
tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü
ilə bağlı hərbi qulluqçularla maarifləndirici söhbətlər
aparılıb.
Qeyd edilib ki, otuz bir il əvvəl Ümummilli Lider Heydər
Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə
respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyulub. Bu
gün Ulu Öndərin Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə
aparmaq ideyaları onun siyasi irsinin layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
Vətən müharibəsində qazanılan şanlı Qələbənin, Qarabağ iqtisadi
rayonunda keçirilən antiterror əməliyyatından sonra respublikamızın
ərazi bütövlüyünün tam təmin olunmasının tarixi əhəmiyyətindən
danışılıb.
Sonra döyüş hazırlığında fərqlənən hərbi qulluqçulara fəxri
fərmanlar təqdim olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə
Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivlərinin,
həmçinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları
təqdim edilib.





























