Advertisement

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə
əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və
reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin
şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin
edilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, möhtəşəm Zəfərlə
başa çatan 44 günlük Vətən müharibəsindən sonra I və II Qarabağ
müharibəsi ilə əlaqədar əlilliyi olan 473 hərbçi 566 ədəd yüksək
texnologiyalı, son nəsil protezlə təmin edilib.

Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı
protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit,
inamlı hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata
daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq,
idman yarışlarında da iştirak edə bilir.