Advertisement

Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin, “A&C Partner GmbH” şirkətinin
təsisçiləri Anar İsmayılov və Cavid Ağayevin birgə təşkilatçılığı
ilə Almaniyanın Euskirçen şəhərində “Avropada dilimizin bu günü və
sabahı” adlı tədbir keçirilib.

Mərkəzdən Trend
verilən məlumata görə, tədbirdə Monitorinq Mərkəzinin direktoru
professor Sevinc Əliyeva, Mərkəzin əməkdaşları Orxan Həsənov,
Cəmilə Cəfərova, “A&C Partner GmbH” şirkətinin təsisçiləri Anar
İsmayılov və Cavid Ağayev, Avropa Azərbaycan Mərkəzinin sədri Zaur
Əliyev, “Kolorit Group”un rəhbəri Amil İsmayılov, “IAMO Bau GmbH”
inşaat şirkətinin təsisçisi Azər İbrahimov və b. iştirak
ediblər.

Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova,
şöbə müdirləri dosent Şahlar Məmmədov, Vəfa İsmayılova və Mərkəzin
əməkdaşları, həmçinin Özbəkistanın Nizami adına Daşkənd Dövlət
Pedaqoji Universitetinin Azərbaycan dili müəllimi filologiya üzrə
fəlsəfə doktoru Mətanət Xudiyeva da tədbirə onlayn şəkildə
qoşulublar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan
tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı
uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi
birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan prof. S.Əliyeva soydaşlarımızı
salamlayaraq Azərbaycan dilinin beynəlxalq aləmdə təbliğinə həsr
olunmuş görüşün təşkilinə görə diaspor nümayəndələrinə
minnətdarlığını bildirib. Almaniya Federativ Respublikasında
minlərlə soydaşımızın yaşadığını qeyd edən S.Əliyeva həftəsonu
məktəblərinin azərbaycanlı ailələrdə ana dilimizin qorunmasında və
böyüyən gənc nəslə dil sevgisinin aşılanmasında xüsusi rolu
olacağını vurğulayib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın
Münster şəhərində fəaliyyət göstərəcək həftəsonu məktəbi haqqında
məlumat verən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev
Monitorinq Mərkəzi ilə sıx əlaqələrin qurulması və sonrakı
mərhələdə onlayn dərslərin təşkili ilə bağlı fikirlərini
bölüşüb.

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti
və Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili
fənnini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət
Xudiyeva Azərbaycan dilinin Özbəkistanda təbliği və tədrisi
istiqamətində görülən işlərdən bəhs edib.

Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova,
şöbə müdirləri dosent Şahlar Məmmədov və Vəfa İsmayılova,
mütəxəssis Vüqar Qurbanov çıxışlarında Almaniyada yaradılacaq
həftəsonu məktəbinin fəaliyyətinə uğurlar arzulayaraq bu işə hər
cür dəstək olacaqlarını bildiriblər.

Sonda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbirin
yüksək səviyyədə təşkilinə görə “A&C Partner GmbH” şirkətinin
təsisçiləri Anar İsmayılov və Cavid Ağayevə təşəkkürünü
bildirib.