
Bakı. Trend:
Novruz xalqımızın ən əziz bayramıdır. Bu bayram illərin
sınağından çıxıb, təzyiqlərə, qadağalara baxmayaraq, öz dəyərini
qoruyub saxlamışdır. Uzun illər xalqımız tərəfindən böyük istəklə,
təmtəraqla, xoş ovqatla qeyd olunan Novruzda nə qədər sevinsək də,
Qarabağ həsrəti bizi rahat buraxmırdı. Hər dəfə arzu edirdik ki,
növbəti bayramı Şuşada, digər işğal altındakı torpaqlarımızda qeyd
edək. Bu, uşaqdan böyüyə hər bir azərbaycanlının müqəddəs arzusu
idi. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri
il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda,
Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”, –
deyən Ulu Öndər uzaqgörənliklə bugünkü günü təsvir edirdi. Artıq
bir neçə ildir bu arzularımız çin olub. Məhz Heydər Əliyev
ideyalarının müdrikliyi, onun siyasi kursunun gücü, layiqli
davamçısı cənab İlham Əliyevin yüksək idarəçilik bacarığı və
sərkərdəlik qabiliyyəti bizi öz torpaqlarımıza qaytardı.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Artıq Şərqi Zəngəzur və Qarabağımıza həyat qayıdıb. Sakinlər öz
ata-baba yurdlarında, onlar üçün dövlətimiz tərəfindən inşa edilmiş
evlərdə Novruzu qarşılayırlar. Qarabağımızda alovlanan Novruz
tonqalını görəndə hər birimizin qəlbi fərəh hissi ilə dolur, çünki
biz uzun illər bu həsrətlə yaşadıq. Şəhidlərimizi unuda bilmərik,
onlar öz canları bahasına bu həsrətə son qoydular. Eləcə də
qazilərimizin, bütün müharibə iştirakçılarının Vətən qarşısında
xidməti xalqımızın qəlbindən silinməyəcək.
Onlar dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük və
çətin missiyanı rəşadətlə, şərəflə, ləyaqətlə yerinə yetirdilər.
Odur ki, onlar bizim cəmiyyətin ən hörmətli, əziz üzvləridir.
Həmçinin şəhid valideynləri, onların yadigar qalan övladları…
Dövlətimiz tərəfindən onlara hər cür dəstək var, hətta mən deyərdim
ki, dünyada Azərbaycan dövləti qədər şəhid ailələrinə yüksək qayğı
göstərən başqa dövlət yoxdur. Təbii ki, bu, ölkəmizin başçısı cənab
İlham Əliyevin idarəçilik fəlsəfəsinin mahiyyətindən, xalqımıza
olan dərin məhəbbətindən irəli gəlir”, – AHİK sədri bildirib.
“Möhtərəm Prezidentimiz artıq dördüncü ildir ki, Novruz
tonqalını işğaldan azad edilmiş torpaqlarımızda qalayır, xalqımızı
oradan təbrik edir. Bu dəfə də cənab İlham Əliyev bizi Xankəndidən
təbrik etdi. Xalqımızın bütün arzu və istəklərini yerinə yetirən
Prezidentimiz oradan daha bir müjdəni səsləndirdi – keçmiş məcburi
köçkünlər bu il Xankəndiyə qayıdacaqlar. Separatçılar uzun illər bu
şəhəri özününküləşdirmək üçün bütün vasitələrə əl atdılar, saxta
yollarla şəhəri öz milli kökündən ayırmağa, kimliyini dəyişməyə
çalışdılar. Hətta yalanlarına, uydurmalarına özləri belə
inanmışdılar.
Hesab edirdilər ki, həmin ərazilər, şəhərlər onlarındır. Amma
Prezidentimiz cənab İlham Əliyev onların bütün işğal planlarını
məhv etdi, separatçıların liderlərini, dinc azərbaycanlıların hədəf
alınması qərarını verənləri əli-qolu bağlı Bakıya gətirtdi. Sübut
etdi ki, bu ərazilər azərbaycanlılara məxsusdur, Qarabağın digər
şəhərləri kimi, Xankəndi də Azərbaycanın pulu hesabına tikilib.
Şəhərdəki əsas inzibati binaların memarları azərbaycanlılardır.
Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin yüksək idarəçilik
keyfiyyətlərinin, böyük diplomatik bacarığının, məqsədində
qətiyyətinin və əzmkarlığının, xalqına və dövlətinə olan sonsuz
məhəbbətinin nəticəsidir”, – Milli Məclisin deputatı əlavə
edib.





























