
Bakı. Trend:
İqlim dəyişikliyi insan sağlamlığına mənfi təsir göstərir.
Qlobal istiləşmə, iqlim dəyişikliyi getdikcə daha geniş vüsət
almaqdadır.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “Sağlam
Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitdə panel müzakirəsi
zamanı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin
rəhbəri Hande Harmancı deyib.
O qeyd edib ki, bütün səhiyyə işçiləri birinci növbədə
inanmalıdırlar ki, qlobal istiləşmə gedir.
“Yəni hava isinir, bunu biz etmişik və həll edə bilərik. Bu
istiqamətdə kifayət qədər tədqiqat aparılıb. Lakin mən özüm də bir
səhiyyə işçisi olaraq iqlim dəyişikliyi və qlobal istiləşmə ilə
bağlı aparılan işlərə kifayət qədər cəlb edilmədiyimizi düşünürəm”,
– deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən
“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə
başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim
dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət
yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.
Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri
bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş
tutmuş sammitin uğuruna əsaslanacaq.
Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz
hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu
il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və
inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları
müzakirə etmək üçün bir araya gələcək.





























