
Bakı. Trend:
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məşq zamanı yeddi yaşlı
Fərid Bakarovu öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Xəlilov 19 il azadlıqdan məhrum
edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Mehman Xəlilova 20 il həbs
cəzası istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Mehman
Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks
etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun
saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin
təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə
nəticəsində F.Bakarov vəfat edib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb,
barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda
onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və
ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla
və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
öldürmə) maddələrinə tövsif edilib.





























