Advertisement

Leysan olacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 21-də günün birinci
yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, yarımadanın
bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli leysan xarakterli
olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında iyunun 23-ü gündüzədək bəzi yerlərdə
fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax,
Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan,
Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv
və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 21-də bəzi dağlıq və dağətəyi
rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən
axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.