Advertisement

Qohum evliliyinin qadağası Azərbaycanın gələcək genefondunu xilas edəcək – Adil Vəliyev

Bakı. Trend:

Vaxtilə Azərbaycan cəmiyyəti nəinki buna hazır deyildi, əks
təbliğatla məşğul idi. Orta və yaşlı nəslin nümayəndələri
xatırlayar ki, TV kanallarda, el şənliklərində məhz insesti təbliğ
edən mahnılar qoşulurdu, şeirlər yazılırdı.

Trend xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik
şöbəsinin müdiri Adil Vəliyev parlamentdə “Sağlam ailə modeli və
nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı
deyib.

A.Vəliyev vurğulayıb ki, insanlar bir növ yaxın qohum evliliyinə
vadar edilirdi, təbliğ olunurdu:

“Mən qətiyyətlə demək istərdim ki, bəzi hallarda imperativ
qadağanedici normalar hər zaman da olmasa, müəyyən mənada yerinə
düşür. Bu hüquqi sənəddəki sərt addımlar zamanın tələbindən doğur.
Bu sənəd Azərbaycanın gələcək genefondunu xilas edəcək sənəddir”, –
deyə o əlavə edib.

Qeyd edək ki, Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən,
qohum evliliyi qadağan edilir. Ailə Məcəlləsinin 12-ci maddəsində
(Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya)
nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı)
və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu
arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit
edilməsi nəzərdə tutulur.