Advertisement

UNEC 94 yaşını qeyd edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 94
illiyi münasibətilə universitetdə təntənəli “UNEC Günü” qeyd
olunub.

“UNEC Günü”nün açılışında çıxış edən inzibati və təşkilati
məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov universitet rəhbərliyi
adından müəllim, tələbə və əməkdaşları təbrik edərək, onlara
fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində UNEC-in əməkdaşı, tanınmış karikaturaçı
rəssam Seyran Cəfərlinin müxtəlif mövzulara həsr olunmuş
bir-birindən maraqlı karikatura əsərlərinin sərgisi nümayiş olunub.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan sərginin
açılışında ölkənin tanınmış rəssamları da çıxış ediblər. Çıxış
edənlər karikatura sənətinin özəlliklərindən və Seyran Cəfərlinin
bu sahədə qazandığı uğurlardan söz açıblar. Bildiriblər ki,
S.Cəfərlinin dünyanın bir çox ölkələrində fərdi sərgiləri təşkil
olunub. Onun əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi
diplomlara layiq görülüb, eləcə də beynəlxalq karikatura
yarışmalarında 60-dan çox mükafatla təltif edilib və 200-ə yaxın
kataloqda əsərləri çap olunub.

S.Cəfərli uzun illərdən bəri çalışdığı universitetin yarandığı
gündə sərgisinin təşkil olunmasından qürur hissi duyduğunu ifadə
edərək, universitet rəhbərliyinə və sərginin keçirilməsində əməyi
olan hər kəsə təşəkkürünü bildirib.

Çıxışlardan sonra Seyran Cəfərliyə UNEC rəhbərliyinin
“Təşəkkürnamə”si təqdim edilib.

Universitetin 94 illiyi münasibətilə UNEC-in sosial-ictimai
həyatında fəal iştirak etmiş bir qrup müəllim, əməkdaş və tələbə,
eləcə də UNEC Tədqiqat Mərkəzlərinin tədqiqatçıları da
təşəkkürnamələrlə təltif olunublar.

UNEC Günü Yaradıcılıq mərkəzinin rəqs və qokal qruplarının
ifasında bədii hissə ilə davam edib. UNEC kollektivi 94 yaşını hər
il olduğu kimi, bu il də böyük sevinc hissi ilə qeyd edib.