
Bakı. Trend:
COVID-19 bizə elə böyük sarsıntı yaşatdı ki, bu, bizdə çox
primitiv bir şeyi, yaşamaq instinktini işə saldı.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı “COP29-a aparan yol
– Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda
“Bir sağlamlıq, bir planet: Davamlı gələcək üçün birləşmək” adlı
panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, virus ölkələr, icmalar və insanlar arasındakı
fərqi gücləndirdi.
“BVF hesablamalarına görə, COVID-19 bizə təxminən 14 trilyon
dollara başa gəlib. Biz etimad institutlarının itirilməsinin, hələ
də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların
qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik.
İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərar qəbul etmə
prosesinə hazırlaşırıq. Söhbət, şübhəsiz, ekzistensial problemdən,
iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa
yer yoxdur. Gedib yenidən başlaya biləcəyimiz başqa planet yoxdur.
Bir sağlamlıq isə məsuliyyət götürmək və bununla bağlı nəsə etmək
üçün bir vasitədir. Bu, gələcək COVID-19 kimi pandemiyaların
qarşısını almağın bir yoludur”, – deyə o bildirib.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda
COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə
fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq
onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara
cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə
edir.





























