Advertisement

“Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib

Bakı. Trend:

İyunun 20-də Bakı Biznes Universitetinin koordinatoru olduğu
“Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun
hesabat konfransı keçirilib. Konfrans dövlət himninin səslənməsi
ilə öz işinə başlayıb.

Konfransı giriş nitqi açıq elan edən Bakı Biznes Universitetinin
rektoru professor İbad Abbasov bildirib ki, bu gün Bakı Biznes
Universitetinin 2-ci böyük beynəlxalq layihəsi olan “Azərbaycan
Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin yekun
hesabat konfransına toplaşmışıq. Göründüyü kimi layihə həm milli,
həm də beynəlxalq səviyyədə çox geniş əhatə dairəsinə malikdir.
Belə ki, 2020-ci ildə bu layihə 16 həlledici səs hüququna malik
yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başlamış,
2024-cü ilə qədər isə bu say 21-ə çatmışdır. Hər şeydən öncə qeyd
etmək istəyirəm ki, Bakı Biznes Universitetinin müəllifliyi ilə
Avropa Komissiyasına təqdim edilən “Azərbaycanda Rektorlar
Konfransının yaradılması” layihəsi 2020-ci ildə qrant müsabiqənin
qalibi olmuşdur. Təqribən bir milyon avro dəyərində olan bu layihə
2020-2024-cü illəri əhatə etməklə Bakı Biznes Universitetinin
koordinatorluğu ilə 4 il müddətində uğurla icra olunmuşdur.
Layihənin əsas məram və məqsədi Azərbaycan ali təhsil müəssisələri
arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.
Layihə bu məqsədə nail olmaqla yerli ali təhsil müəssisələrinin
keyfiyyətini, rəqabət qabiliyyətini və qlobal inteqrasiyasını
əhəmiyyətli dərəcədə artırmağı əsas hədəflər kimi qarşıya qoymuş və
buna nail olmuşdur desək yanılmarıq. Bugün fürsətdən istifadə
edərək tərəfdaş ali təhsil müəssisələrimizin hörmətli rektorlarına,
rektorlar konfranslarının rəhbərlərinə, bizimlə yaxından əməkdaşlıq
edən bütün Avropa universitetlərinin rektorlarına, nüfuzlu Avropa
təşkilatlarına, xüsusilə Azərbaycan Respublikası Elm və Təhsil
Naziri çox hörmətli Emin Əmrullayevə, çox hörmətli nazir müavinləri
cənab İdris İsayevə və cənab Firudin Qurbanova, nazirliyin digər
səlahiyyətli əməkdaşlarına, o cümlədən Azərbaycan Respublikası Elm
və Təhsil Nazirinin müşaviri cənab Nicat Məmmədliyə, Elm və Ali
təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarovaya,
Nazirliyin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri cənab Turxan
Süleymana və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin idarə
heyətinin sədri cənab Tural Əhmədova layihənin icrasında verdikləri
dəstəyə görə öz təşəkkürümü bildirirəm.

Daha sonra çıxış edən Elm və Təhsil nazirinin müşaviri Nicat
Məmmədli bildirib ki, ECAR layihəsi ali təhsil müəssisələri
arasında mühüm məsələlərin müzakirəsi, bilik və təcrübələrin
paylaşılması, müvafiq sahələr üzrə fəaliyyətlərin təşkili və
qarşılıqlı dəstək mədəniyyətinin inkişaf etdirilməsi ilə ölkəmizin
ali təhsil sektorunun keyfiyyətin yüksəldilməsinə töhfə verib. O,
həmçinin bu layihədə iştirakından məmnunluğunu da ifadə edib.

Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova
isə Azərbaycan ali təhsil sistemində əməkdaşlıq şəbəkəsinin
genişlənməsi, ali təhsil müəssisələrinin beynəlxalq miqyasda
rəqabətqabiliyyətinin gücləndirilməsi və təcrübələrin operativ
şəkildə mübadilə edilməsi baxımından layihənin önəm və
əhəmiyyətindən bəhs edib və öz səmimi təbriklərini çatdırıb.

Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru
Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin
direktoru Gülşən Bayramova öz hesabat-təqdimatlarında ECAR
layihəsinin yazılması zərurəti, mövcud olan ehtiyaclar, layihənin
əsas məqsədi və hədəfləri, layihənin icra mərhələləri, o cümlədən
layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında
geniş məlumat veriblər.

Hesabat-təqimatdan sonra layihənin yekun nəticəsi hesab edilən
layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən
imzalanmış tərəfdaşlıq sazişinin təqdim edilməsi mərasimi
keçirilib.

Daha sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli
Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli “Əmək
bazarında cari və gələcək təklifi formalaşdıran əmək ehtiyatlarının
təhsil pillələri üzrə təhlili” adlı təqdimatla çıxış edib. Daha
sonra E.Səfərli layihə çərçivəsində komitələrin Milli Observatoriya
ilə əməkdaşlıq istiqamətlərindən və görülən işlərdən bəhs edib.

Tədbirdə iştirak edən Böyük Britaniyanın Middlesex
Universitetinin əməkdaşı George Dafoulas da ECAR layihəsinin xarici
qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Həmçinin Avropa
İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birinci
müşaviri, Əməkdaşlıq şöbəsinin rəhbəri cənab Viktor Bojkov çıxış
edərək həyata keçirilən layihənin Azərbaycan ali təhsil
müəssisələri ilə Avropa ali təhsil sistemi arasında əlaqələri daha
da gücləndirdiyini və Avropa təcrübəsinin öyrənilməsi
nöqteyi-nəzərindən vacibliyini qeyd edib.

Yekunda layihənin Avropadan olan tərəfdaşları – Lissabon Texniki
Universitetindən insan resursları üzrə direktor Rui Mendes,
Fransanın Beynəlxalq Təhsil Təşkilatından ali təhsil şöbəsinin
rəhbəri Fatou Estule, Belçikanın EFMD akkreditasiya təşkilatının
beynəlxalq layihələr üzrə direktoru cənab Christophe Terrase və
İsveçin Kral Texnologiya Universitetinin layihə meneceri cənab
Viktor Kordas da çıxış edərək layihə barəsində öz təəssüratlarını
bölüşərək layihənin uğurla yekunlaşmasından məmnun olduqlarını
söyləyiblər.