Advertisement

İnformatika və coğrafiya fənləri üzrə əlavə imtahanın nəticələri açıqlandı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK və Rİ
altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika
fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini
seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il
tarixində keçirilmiş əlavə imtahanın nəticələrini elan edib.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri,
cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir
açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın
ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası)
ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin
mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə
imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə
göndərməklə də öyrənə bilərlər.

RK və Rİ altqruplarının hər ikisini seçən 11804 abituriyentdən
1079 nəfər informatika, DT və TC altqruplarının hər ikisini seçən
6636 abituriyentdən 1412 nəfər coğrafiya imtahanında iştirak
etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 2 nəfər qaydaları
pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv
edilib.

Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı
şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu
göstərib (ümumi imtahan nəticəsi isə 691.7 baldır).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də
Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 24 iyun saat 10:00-dan 26
iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron
ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət
ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına
müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət
edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin
məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi
göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd
olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət
araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla
aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan
bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə
ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə
edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd
etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə
bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında
ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və
ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş
cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi
nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda
iki dairənin qaralanması və s.) bağlı müraciətlərə
baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl
abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı
səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir
açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola
bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün
ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab
verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə
şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip
müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün
ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.