Advertisement

Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın
günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə
olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan
qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı
gözlənilir.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin
gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində
deyilir.

“Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə
müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi
zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və
seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını
şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.)
danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü,
navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında
daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə
olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın
bitməsini gözləmək tövsiyə edilir”, – məlumatda deyilir.