
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn bayram
günlərində bütün sərnişinlərin maksimum rahatlığını və
təhlükəsizliyini təmin etmək məqsədilə 2024-cü il martın 20-dən
27-dək gücləndirilmiş iş rejiminə keçir.
Trend hava limanına istinadən
xəbər verir ki, tətbiq edilən gücləndirilmiş iş qrafiki, həmçinin
uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə
təqdim edilməsi məqsədi daşıyır.
Bahar tətili günlərində gözlənilən sərnişin axınının artması ilə
əlaqədar mümkün gecikmələrin qarşısını alınması üçün sərnişinlərin
uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.
Sərnişinlərin və ziyarətçilərin əlçatanlığı üçün “Airport
Express” ictimai nəqliyyatı Heydər Əliyev Beynəlxalq Aeroportu
marşrutu üzrə saat 01:00-dək 30 dəqiqəlik fasilə ilə hərəkət edir.
Bundan əlavə, hava limanında xüsusi düşürtmə/götürmə (“drop
off”/”pick up”) zolaqları movcuddur və aeroporta daxil olarkən ilk
15 dəqiqə üçün ödəniş tələb olunmur.
Hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və xoş
səyahətlər arzulayırıq!





























