
Bakı. Trend:
İyunun 20-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin
Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental
azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24
komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, BMT-nin
Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi
haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə –
C24-ün illik iclası çərçivəsində baş tutan Konfransda hazırda
Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən – Korsika,
Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız
Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin,
Bonayre, həmçinin, ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı,
Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının
rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və
tədqiqatçılar iştirak edib. Eyni zamanda El-Salvador, Argentina,
Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki Daimi
nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.
Konfransda açılış qeydlərini edən BTQ-nin şöbə müdiri Elgün
Hacıyev bildirib ki, ABŞ hökümətinin qeyri-müəyyən qərarına görə
artıq ikinci ildir ki, BTQ-nin İcraçı direktoru Abbas Abbasova BMT
qərargahında keçirilən konfransda iştirak etmək üçün viza verilmir.
Bu səbəbdən, A.Abbasovun konfrans iştirakçılarına video müraciəti
yayılıb.
O, müraciətində qeyd edib ki, Fransa hökumətinin Yeni
Kaledoniyada fundamental insan hüquqlarını kobud şəkildə pozması
BMT Baş Assambleyasının müstəmləkəçiliyə qarşı qəbul etdiyi
qətnamələri yerinə yetirmək üçün rəsmi Parisin siyasi iradəsinin
olmadığını bir daha sübut edir.
İcraçı direktor bir daha təsdiq edib ki, Bakı Təşəbbüs Qrupu
Fransanın müxtəlif təzyiqlərinə baxmayaraq, müstəmləkə ərazilərinin
öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam
edəcəkdir.
Fransa polisi tərəfindən Yeni Kaledoniyada öldürülən mülkü
şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra bu
ölkənin Xarici işlər naziri M. Forrest Fransa hökuməti tərəfindən
ölkəsində baş verən qanunsuzluqlar və vəhşiliklər barədə ətraflı
məlumat verib. O, yüzlərlə kanakın, xüsusilə müstəqillik
hərəkatının 8 lider şəxsinin qanunsuz həbs edildiyini diqqətə
çatdırıb.
Fransız Polineziyasının hakim Tavini partiyasının Siyasi
məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin,
Korsika, Martinik, Fransız Qvianası, Qvadelup və Bonayre-dən olan
müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan
Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi
kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların
fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii
sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri
yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli
xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik
siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.
İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini
dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə
ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs
Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə
ediblər.
Konfransın sonunda siyasi müraciət qəbul olundu. İştirakçılar
BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə
iştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində öz
mübarizələrini gücləndirməyə dair öhdəlik götürdülər. Kolonial ölkə
olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə
zorakılıqlarını pislədilər.





























