
Bakı. Trend:
Azərbaycana qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən
daha 3 narkokuryer – Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev
saxlanılıblar.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən
paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı
saxlanılanların üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi
psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin,
metamtefamin, 8780 ədəd metadon həbi və narkotiklərin satışında
istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, T.Muradov, Ş.Qasımov və
F.Əliyev “Sübhan” və “Razi” adlı şəxsiyyəti istintaqla araşdırılan
İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotiklərin
gətirilməsini təşkil ediblər.
Qeyd edilib ki, saxlanılan şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə
gətirilən narkotikləri Sumqayıt şəhərində dəniz kənarından əldə
etdiklərini bildiriblər.
Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə
Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər.
T.Muradov, Ş.Qasımov və F.Əliyev ölkə ərazisində narkotiklərin
qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.





























