Advertisement

Yenidoğulan körpələrdə fizioloji sarılıq normal və müvəqqəti vəziyyətdir – SN

Bakı. Trend:

Yenidoğulanlarda sarılıq tez-tez rast gəlinən vəziyyətdir.
Xüsusilə də vaxtından əvvəl doğulan uşaqlarda sarılıq daha çox
təsadüf edilir. Bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Sevinc Mehdiyeva
deyib.

Trend S.Mehdiyeva ilə müsahibəni təqdim edir:

Sevinc xanım, ilk öncə bilmək istərdik ki, yenidoğulanlarda
sarılıq nə zaman müşahidə olunur?

– Yenidoğulanların neonatal sarılığı qan zərdabında bilirubin
səviyyəsinin artması ilə əlaqədar dərinin, görünən selikli
qişaların və göz almalarının sarı rəngə boyanmasıdır.

Sarılıq əlamətlərinin hansı səbəbdən yaranmasını həkimlər
nəzarətdə saxlamalı, ailələri lazımsız və erkən müdaxilələr
aparılmaması üçün məlumatlandırmalıdırlar.

– Körpələrdə sarılığın hansı növləri var və onların əsas
simptomları hansılardır?

– Sarılığın fizioloji və patoloji növləri olur. Fizioloji
sarılıq əsasən uşaq həyatının 2-3 sutkasında müşahidə edilir və
təqribən 2-3 həftədə tamamilə aradan götürülür. Yenidoğulanların
vəziyyəti normal olur. Anaları bu dəyişikliklər narahat edir və
onlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdən
şübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatçılıq üçün
heç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yəni
bu heç bir xəstəliyin əlaməti deyil.

Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez,
əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam
edir. Patoloji sarılıq zamanı dəri və görünən selikli qişaların
sarılığından başqa, qaraciyər və dalağın böyüməsi, nəcisin rəngsiz
axolik olması, sidiyin tündləşməsi, yenidoğulanın süstlüyü və
döşdən imtina etməsi kimi əlamətlər ola bilər. Əgər bu əlamətlərdən
hər hansı biri müşahidə edilərsə mütləq həkim ilə məsləhətləşmək
lazımdır.

– Yenidoğulanlarda sarılığın səbəbləri hansılardır və necə
diaqnoz edilə bilər?

– Fizioloji və patoloji sarılıqların yaranma səbəbləri
müxtəlifdir. Fizioloji sarılıq qaraciyər və dalağın
qeyri-yetkinsizliyi, qanyaranma sisteminin bir sıra xüsusiyyətləri,
ana südünün yetərsizliyi, yenidoğulanın bədən kütləsinin az olması
səbəblərindən qeyd oluna bilər.

Patoloji sarılıq isə müxtəlif xəstəliklərin o cümlədən, ana ilə
uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və öd
axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində
inkişaf edir.

Həkimlər tərəfindən keçirilən fiziki yoxlanış zamanı sarılıq
asanlıqla diaqnoz edilə bilər. Həkimlər körpənin dəri rəngini
qiymətləndirir və ‘transcutaneous bilirubinometer’ adlanan cihaz
ilə, yaxud qan testi verilərək, bilirubin səviyyəsi təyin
olunur.

– Yenidoğulmuşlarda sarılıq təhlükəlidirmi?

– Yenidoğulan körpələrdə fizioloji sarılıq normal və müvəqqəti
bir vəziyyətdir və bir çox hallarda öz-özünə keçir. Fizioloji
sarılıq zamanı spesifik müalicəyə ehtiyac yoxdur. Onun ən yaxşı
müalicəsi – ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu
səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra
yalnız ana südü ilə qidalandırılması çox vacibdir.

Bilirubinin səviyyəsinin enməsi ücün körpə tez-tez döşə
qoyulmalı, təmiz havada çox olmalı və günəş vannaları qəbul
etməlidir. Sarılıqların müalicəsində venadaxili maye köçürülməsi,
qlükoza içirilməsi tamamilə əsassızdır.

Fizioloji sarılıqdan fərqli olaraq, patoloji sarılıq körpələrdə
mütləq və təcili müalicə olunmalıdır. Patoloji sarılıq zamanı
bilirubin səviyyəsinin yüksək olması müalicə aparılmadıqda, bir çox
fəsadlara, o cümlədən nevroloji problemlərə səbəb olaraq sinir
sistemində geriyədönməz ağır dəyişikliklərə yol aça bilər. Bu
səbəbdən patoloji sarılığın bütün növləri mütləq stasionarda
müalicə olunmalıdır.

Müalicə bilirubin səviyyəsi və xəstəliyə səbəb olan faktordan
asılı olaraq dəyişə bilər. Əsas müalicə metodu – fototerapiyadır.
Fototerapiya üsulumüxtəlif lampaların işığının təsirindən hidrofob
qeyri-düz bilirubinin suda həll olan formaya keçərək, öd və sidiklə
xaric olmasına əsaslanır.