Bakı. Trend:
Gədəbəy və digər qızıl, mis və polimetal perspektiv filiz
yataqları ilə bağlı sazişə dəyişiklik edilir.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında
“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd,
Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və
polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services,
LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və
təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə
çıxarılıb.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
1. 2024-cü il mayın 24-də Bakı şəhərində Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V.
Investment Group Services, LLC ABŞ arasında imzalanmış “Gədəbəy,
Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə,
Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal
perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın
pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ
arasında bağlanılmış Sazişdə Dəyişiklik” (bundan sonra –
“Dəyişiklik”) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə
icazə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
Sazişdə iştirak edən Podratçıya verilən Azərbaycan Respublikası
Hökumətinin təminatı və öhdəliklərində edilmiş dəyişiklik qəbul
edilsin və onun həyata keçirilməsinə icazə verilsin.
3. Bu Qanun qüvvəyə mindikdən sonra Dəyişiklik Qanun olur.
Dəyişiklik, onun qüvvəyə minməsindən irəli gələn bütün hüquqi
nəticələri ilə Sazişin ayrılmaz hissəsi olur.
4. Saziş Dəyişiklik ilə dəyişiklik edilmiş şəkildə tam hüquqi
qüvvəyə malik olmağa davam edir və Azərbaycan Respublikasının
Qanunu olaraq tam qüvvəsini saxlayır.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun
hüquq varislərinin) Hökumət təminatı üzrə əldə etdiyi hüquqlar və
mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə,
düzəldilə və ya azaldıla bilməz.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul
edilib.





























