Advertisement

Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi ilə bağlı yeni mexanizm yaradılır

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin
səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli
təyinatının dəyişdirilməsinin çevik mexanizmi yaradılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən Torpaq Məcəlləsində
dəyişiklikdə əksini tapıb.

Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrinin
mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və
icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna
edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı
məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını
dəyişdirmək imkanı əldə edəcəklər.
Həmçinin, onların müraciəti əsasında bu barədə məlumatların
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin
ediləcəkdir.

Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində
(kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının
dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində)
olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin
səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin
yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın
aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan
torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi
yüksəldiləcəkdir.

Qeyd etmək lazımdır ki, hazırda kənd təsərrüfatı yerlərindən
birindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabe
olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi
çətinllik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri
üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst
məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə
məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi
şərtini müəyyən edir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.