
Bakı. Trend:
Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı
və küləkli hava şəraitinin əsas səbəbi şimal-qərbdən ölkə ərazisinə
daxil olan siklonik prosesdir.
Trend xəbər verir ki, bunu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli
Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.
O bildirib ki, siklonun arxa hissəsində formalaşan atmosfer
cəbhəsinin təsiri nəticəsində təhlükəli ildırım bulud sistemləri
formalaşır, nəticədə şimşək çaxır, leysan xarakterli yağış
yağır:
“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin
iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə
arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə yağıntıların leysan xarakterli olacağı, intensiv və güclü
olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla
əlaqədar çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli
daşqın və sel keçəcəyi gözlənilir “, – deyə o xatırladıb.





























