Advertisement

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir

Bakı. Trend:

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir,
kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən
dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi elektron informasiya
sistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsi
bildirişi ləğv olunacaq.

Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron
informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları
işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun
qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron
sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun
olaraq həyata keçiriləcək.

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il
30 noyabr tarixli 1893 nömrəli Fərmanına uyğun olaraq əmək
münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və
məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin
hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların
təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Son dövrlərdə əmək və məşğulluq sahələrinin
elektronlaşdırılmasında mühüm addımlar atılıb. Bunlardan ən əsası
Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmiş
dəyişikliyə əsasən əmək münasibətlərində elektronlaşmanın təmin
edilməsi ilə bağlı “Əmək müqaviləsi bildirişi” altsisteminin
yaradılması olmuşdur.

Bununla belə, əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı
dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proseslərin çox
az bir hissəsi elektronlaşdırılıb. Hazırda əmək müqavilələrinin
bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının
sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksər
proseslər kağız daşıyıcıları vasitəsilə həyata keçirilir ki, bu da
əmək münasibətləri sahəsində çevikliyin və operativliyin təmin
olunmasına maneələr törədir. Sözügedən hallar, xüsusilə kiçik və
orta sahibkarlıq subyektləri üçün izafi xərclər yaradır, onların
insan resurslarını səmərəli idarəetməsinə imkan vermir.
Təklif edilən dəyişikliklər və təkmilləşdirilən altsistem işçi
qüvvəsi balansı, İşçi qüvvəsinə təklif və tələbin ehtimal olunan
həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında
təhlillərin aparılmasına imkan yaradacaqdır. Belə ki, əmək və
məşğulluq sahələrinin elektronlaşdırılması ilə bağlı görülən
tədbirlər nəticəsində əldə olunan müsbət təcrübə, habelə həllini
gözləyən təxirəsalınmaz sosial məsələlər bu sahədə elektronlaşmanın
daha da genişləndirilməsinə, təkmilləşdirilməsinə, əmək və
məşğulluq sahələrində tam rəqəmsal idarəetmənin tətbiqinə zəmin
yaratmışdır.

Beləliklə, “Əmək və məşğulluq” altsistemi vasitəsilə aşağıdakı
proseslər rəqəmsallaşdırılacaqdır:
əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqaviləsinin
elektron qaydada bağlanılması, dəyişdirilməsi və xitamı,
İşəgötürənin əmrlərinin, əmək müqavilələrinin elektron
reyestri);

əməyin təşkili (işəgötürənin elektron profilinin, strukturunun,
ştat cədvəlinin, rəqəmsal kadrlar uçotunun şəxsi vərəqəsinin
yaradılması və istehsalat təqviminin yerləşdirilməsi);

əməyin ödənilməsi (əmək haqqının ödənilməsi və əmək haqqından
tutulmaların vahid platforma vasitəsilə həyata keçirilməsi); əməyin
mühafizəsi (iş yerlərinin attestasiyasının vahid altsistem
üzərindən təşkili və nəticələrinin, əməyin mühafizəsi üzrə
təlimatların, sertifikatların altsistemdə yerləşdirilməsi,
istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasının təşkili
və uçotu);

məşğulluq tədbirləri (özünüməşğulluğun, peşəyönümünün, haqqı
ödənilən ictimai işlərin, kvotadan əlavə iş yerlərinin və sosial
müəssisələrin yaradılmasının, məqsədli proqramların həyata
keçirilməsinin innovativ həllərin tətbiqi ilə təşkili);

elektron əmək birjası və əmək yarmarkası, vakansiya bankı,
elektron məşğulluq xəritəsi (işaxtaran və işsiz şəxslərin işə
düzəlməsi imkanlarının, habelə işəgötürənlərin keyfiyyətli işçi
qüvvəsi ilə təmin edilməsi, həmin tərəflər arasında birbaşa
münasibət və əlaqələrin qurulması, şəxslərin əmək bazarı barədə
ətraflı məlumatlandırılması);

sosial tərəfdaşlarla iş (kvota şamil edilən işəgötürənlərin,
işəgötürən müəssisədə kvotanın miqdarının müəyyən edilməsi, kvota
üzrə işə qəbul edilənlərin, kvota üzrə vakant iş yerlərinin, sosial
müəssisələrin, sosial iş yerlərinin, kvotadan əlavə iş yerlərinin,
məqsədli proqramlar tətbiq edilən işəgötürənlərin, həmkarlar
ittifaqlarının, sahəvi assosiasiyaların, peşə birliklərinin,
işəgötürənlərin, işəgötürənlərin nümayəndəli orqanlarının,
işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər
uçotu);

məşğulluq sahəsində və əməyin sosial-hüquqi məsələlərinə nəzarət
(risk əsaslı yoxlama və monitorinqlərin təşkili, səyyar
yoxlamaların azaldılması, nəticələrinin yerləşdirilməsi, əmək
qanunvericiliyinin pozulması ilə bağlı verilmiş sanksiyaların,
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə ilə bağlı məhkəmə qərarlarının altsistemdə
yerləşdirilməsi, elektron cərimə, elektron audit);

məşğul şəxslərin reyestri (məşğul, habelə digər gəliri olan
şəxslərin reyestri, şəxslərin xərclərinin strukturu);

vergi, məcburi dövlət sosial sığorta haqları və digər məcburi
ödəmələrin həyata keçirilməsinin optimallaşdırılması.

Beləliklə, layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən əmək,
dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq
sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi
digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində
məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik,
saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan
qaldırılmasına gətirib çıxaracaqdır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.