
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən
vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və
şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq
tədbirlər görülür.
İyunun 21-də Baş prokuror Kamran Əliyev Binəqədi rayon
prokurorluğunun inzibati binasında Bakı şəhərinin Binəqədi rayon və
digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 46 nəfər vətəndaşın müraciətində konkret
cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə
məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və
məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının
müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya
aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər
verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret
tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması
və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi
məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq
orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq”
informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin
daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair
təklifləri dinləyib.





























