
Bakı. Trend:
Baş prokuror Kamran Əliyevin dəvətilə martın 19-da Rusiya
Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin
rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə
gəlib.
İlk öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı
önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Daha sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən
övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə
gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilmiş
ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında
dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları
cənab İlham Əliyev və cənab Vladimir Putinin birgə səyləri və
siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bütün
istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
torpaqlarımızın işğaldan azad olunduğunu, ötən ilin sentyabr ayında
isə 24 saatdan az davam edən lokal xarakterli antiterror
əməliyyatlarının uğurla başa çatması ilə dövlət suverenliyinin
bütün ölkə ərazisində bərpa edildiyini vurğulayıb.
Kamran Əliyev, həmçinin müharibədən sonrakı dövrdə ölkə
Prezidentinin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
rəhbərliyi və diqqəti ilə işğaldan azad edilmiş ərazilərimizdə
bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma
yurdlarına qayıdışı və bu istiqamətdə görülən sistemli işlərdən
bəhs edib.
Baş prokuror prokurorluqda aparılan genişmiqyaslı islahatlar
çərçivəsində Elektron prokurorluq informasiya sisteminin fəaliyyəti
barədə qonaqlara məlumat verib.
Dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçiriləcəyini
bildirən Baş prokuror, istintaq orqanlarının ekoloji sahədə
törədilən hüquqpozmalara qarşı gördüyü tədbirlərin önəmini
vurğulayıb.
Azərbaycan Respublikasının prokurorluq orqanları ilə
əməkdaşlıqdan məmnunluğunu ifadə edən Aleksandr Bastrıkin
göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını
bildirib. İki dost və tərəfdaş dövlətin istintaq orqanları arasında
uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq, prokurorluq
orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən
tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə
faydalı fikir mübadiləsi aparılaraq hüquqi əməkdaşlıq sahəsində
mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.
Nümayəndə heyəti üzvləri daha sonra Baş Prokurorluğun tarix
muzeyində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə yaradılmış güşə, Azərbaycan Prokurorluğunun zəngin
tarixi, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə
nişanlarının nümayiş olunduğu bölmə, eləcə də digər sənəd və
eksponatlarla tanış olublar.
Əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya
Federasiyasının İstintaq Komitəsi arasında 2024-2026-cı illər üçün
Əməkdaşlıq Proqramı imzalanıb. İmzalanma mərasimi çərçivəsində
Aleksandr Bastrıkin Baş prokuror Kamran Əliyevi “Vəzifə borcuna
sadiqliyə görə” medalı ilə, Baş prokuror isə həmkarını “Azərbaycan
Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif edib.
Ölkəmizə işgüzar səfəri çərçivəsində A.Bastrıkin Baş
Prokurorluğun, eləcə də digər istintaq qurumlarının rəhbərləri və
əməkdaşları, həmçinin Baş prokuror yanında Elmi-Məsləhət Şurasının
üzvlərinin və vəkillərin qatıldığı Baş Prokurorluğun yeni inzibati
binasında təşkil olunmuş “İstintaq təcrübəsinin aktual problemləri”
mövzusuna həsr olunmuş elmi-praktik konfransda iştirak edib.
İstintaq Komitəsinin sədri konfransda geniş mühazirə ilə çıxış
edərək, tədbir iştirakçılarının suallarını cavablandırıb.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin ölkəmizə
işgüzar səfəri başa çatıb.





























