Advertisement

Leysan yağır, bəzi çaylardan sel keçib – FAKTİKİ HAVA

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 21:30-a
olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti
davam edir.

Xidmətdən
Trend
-ə verilən xəbərə görə, Yevlax, Qobustan, Qrız, Şahdağ,
Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda
arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev
bildirib ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay,
Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən
axan Gilgilçaydan sel keçir.

A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara
müraciət edib:
“Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel
hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi
tövsiyə edirik.

Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının
istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel
hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.