
Bakı. Trend:
Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını
polisə könüllü təhvil veriblər.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi və ərazi polis
orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı
növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq
11-i Kalaşnikov avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi olmaqla
qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və
müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib.
Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı
keçirilən əməliyyatlar zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz
dövriyyədən külli miqdarda narkotik vasitə və çətənə kolları
çıxarılıb.
Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə
görə axtarışda olan 9 nəfər saxlanılıb, “isti izlərlə” 26 cinayətin
üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı
188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb,
mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə
təhvil verilib.
Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən
keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 315,
spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən
6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18,
dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə
cəlb edilib.





























