
Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə
Almaniyada daha bir mühüm tədbir – “Avropada yaşayan azərbaycanlı
mühəndislərin forumu” öz işinə başlayıb.
Trend xəbər verir ki, forumda Avropadan 125 mühəndis, alim,
eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri, Diasporla İş
üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət
nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri
Nəsimi Ağayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə
Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov,
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev,
Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO)
icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin əməkdaşı Əli Xəlilov və digər qonaqlar iştirak
edirlər.
Forumun əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun forum
iştirakçılarına təbrikində bildirilib ki: “Mühəndislər forumu
müzakirə və əməkdaşlıq üçün konstruktiv bir platformadır. Bu gün
mühəndislərimizin, fərqli mühəndislik sahələrində işləyən
azərbaycanlı mütəxəssislərin foruma toplaşması bilik, təcrübə və
ideyaların mübadiləsi üçün unikal bir imkan yaradır. Komitə olaraq
biz də öz növbəmizdə xaricdə yaşayan mühəndislərimizi və
alimlərimizi dəstəkləyir, onlara karyera və inkişaf üçün imkanlar
yaratmağa çalışırıq”.
Forumda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev,
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev,
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Köln Universitetinin
dosenti, Almaniya Azərbaycanlıları Alyansının İdarə heyətinin sədri
Nuran Abdullayev, Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi,
Köln Azərbaycan Evinin həmsədri Altay Rüstəmov və başqaları çıxış
ediblər. Çıxışlarda forumun əhəmiyyəti, aparılan müzakirələrin elmi
faydaları, azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından
səmərəli istifadənin üstünlükləri diqqətə çatdırılıb, iştirakçılara
uğurlar arzulanıb.
Bu il ölkəmizdə keçiriləcək COP29-la bağlı videoçarx nümayiş
olunduqdan sonra Avropanın ayrı-ayrı ölkələrində yaşayan
azərbaycanlı alim və mütəxəssislər müxtəlif mövzularda təqdimatlar
ediblər.
Berlin Tibb Məktəbi və Berlin Biznes Məktəbi, Sistem
Administratoru Rauf Abdullayevin moderatorluğunda keçən Forum öz
işini panel müzakirələri ilə davam etdirib.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər
xarici ölkələrdə yaşayan mütəxəssislərin iştirakı ilə ixtisaslaşmış
forumlar təşkil edir. Bu günədək xaricdə yaşayan azərbaycanlı
alimlərin və həkimlərin bir neçə forumu təşkil olunub. Həmin
forumlar Azərbaycan diasporu arasında böyük rəğbətlə
qarşılanıb.





























