Advertisement

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti
Almaniya Federativ Respublikasına səfərə gedib.

Trend xəbər verir ki, nümayəndə heyəti Drezden Dövlət və
Universitet Kitabxanasını ziyarət edib. Kitabxananın tarixi və
fəaliyyəti haqqında qonaqlara məlumat verilib.

Sonra kitabxananın rəhbərliyi ilə görüş olub, sahə üzrə
əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.

Nümayəndə heyəti kitabxanada qorunub saxlanılan Türk dünyasının
ortaq ədəbiyyat və mədəniyyət abidəsi – “Kitabi-Dədə Qorqud”
eposunun əlyazma nüsxəsi ilə tanış olub.

Qeyd edək ki, dastanın öyrənilməsi alman şərqşünası Henrix
Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə
yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Bu əlyazma
müqəddimə və 12 boydan ibarətdir. Dastanın ikinci nüsxəsi
Vatikandadır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə
nəşr edilmiş bu nüsxədə dastanın 6 boyu verilib. Son illərdə bu
eposun yeni nüsxələri aşkara çıxarılıb. 1999-cu ildə ölkəmizdə
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi dövlət səviyyəsində
qeyd olunub. Drezden və Vatikanda saxlanılan əlyazmaların faksimili
ikicildlik “Kitabi-Dədə Qorqud ensiklopediyası”nda oxuculara təqdim
edilib.