Advertisement

AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq
AMEA-nın elmi-tədqiqat müəssisələrində Qərbi Azərbaycanla bağlı bir
sıra mühüm tədqiqatlar aparılır.

Bu barədə Trend-ə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə
əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Bu məqsədlə AMEA Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar
hesabına A.A.Bakıxanov adına Tarix İnstitutunda “Qərbi Azərbaycan
tarixi” şöbəsi, Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru”
şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə “Toponimika”
şöbəsi yaradılıb. Həmin şöbələr tərəfindən qısa müddət ərzində
fundamental tədqiqatlar aparılaraq Qərbi Azərbaycanda
soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi və
təbliği istiqamətində önəmli nəticələr əldə edilib, kitablar çap
olunub. Eyni zamanda, “Qərbi Azərbaycan Ensiklopediyası”nın
sözlüyünün hazırlanması da başa çatdırılıb.

Bu günlərdə AMEA Rəyasət Heyətinin qərarı ilə Əlyazmalar
İnstitutunda daxili imkanlar hesabına “Qərbi Azərbaycan və Qarabağ
əlyazmalarının tədqiqi şöbəsi” də yaradılıb. Yeni yaradılmış
şöbənin əməkdaşları Qərbi Azərbaycanda və Qarabağda
yaşayıb-yaratmış şair və yazıçıların əsərlərinin əlyazmalarının
toplanılması, sistemləşdirilməsi, tərtibi, nəşri məsələləri ilə
məşğul olacaq, həmin regionlardan çıxan tanınmış yaradıcı simaların
həyatı və yaradıcılığını araşdırıb tədqiq edəcəklər.