Advertisement

“Masdar” COP29-un Azərbaycanda uğurla keçirilməsinə dəstək verəcək – Məryəm Əl Məzrui (Özəl müsahibə) (FOTO)

Bakı. Trend:

“Masdar” BƏƏ nümayəndə heyəti ilə birlikdə COP29-da iştirak
etmək niyyətindədir və onun uğurla həyata keçirilməsində
Azərbaycana dəstək olacağına ümid edir.

Bu barədə Trend-ə özəl müsahibəsində “Masdar” şirkətinin MDB
regionu üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Məryəm
Əl Mazrui deyib.

“”Masdar” tərəfindən Azərbaycanda həyata keçirilən hər bir
təşəbbüs 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç
dəfə artırılması milli hədəfinə töhfə verir ki, bu da ölkənin eyni
ilə ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü
payının 30 %-ə çatdırmaq məqsədinə uyğundur. BƏƏ nümayəndə
heyətinin bir hissəsi olaraq, əlbəttə ki, COP29-da iştirakımızı
səbirsizliklə gözləyəcəyik”, – deyə o bildirib.

COP29 çərçivəsində Azərbaycan və “Masdar” arasında yeni
müqavilələrin bağlanmasının mümkünlüyündən danışan Əl Məzrui qeyd
edib ki, o, tərəflər arasında əlavə sazişlərin imzalanmasında
şəxsən maraqlıdır.

“Azərbaycan “Masdar” üçün əsas strateji bazardır. Biz
2018-2019-cu illərdə Energetika Nazirliyi ilə danışıqlara
başlamışıq və hazırda davam edən bir layihəmiz var. 230 MVt gücündə
Qaradağ günəş elektrik stansiyası layihəsinə start verildi və bu,
böyük uğur idi. “Masdar”, Azərbaycanın Energetika Nazirliyi və
“Azərenerji” arasında strateji əməkdaşlıq sayəsində biz bu uğuru
inkişaf etdirməyə çalışırıq”, – deyə şirkət nümayəndəsi
vurğulayıb.

O, daha sonra qeyd edib ki, “Masdar” Azərbaycanda akkumulyator
enerjisinin saxlanması sistemləri ilə bağlı layihə həyata keçirməyi
planlaşdırır.

“Biz Energetika Nazirliyi ilə Azərbaycanda enerjinin saxlanması
layihəsi ilə bağlı danışıqlar aparırıq. Biz ölkədə ilk akkumulyator
enerjisinin saxlanması sistemi layihəsini həyata keçirməyə can
atırıq ki, bu da, şübhəsiz ki, elektrik şəbəkəsini sabitləşdirmək
səylərinə kömək edəcəkdir. Lakin bu təşəbbüs hələ ilkin
mərhələdədir”, – deyə o bildirib.

Əl Məzruinin sözlərinə görə, “Masdar” yaşıl enerji sektorunda
aparıcı inkişaf etdiricilərdən biridir.

“Biz günəş enerjisi, hidroenergetika, quruda və dənizdə külək
enerjisi daxil olmaqla bir sıra sahələrdə bir neçə əsas yeniliklərə
diqqət yetirmişik. Təkrar doldurulan batareyalar “Masdar”ın ümumi
texnologiya mənzərəsinə uyğun gəlir. Biz heç bir məhdudiyyət
olmadan regionlara və texnologiyalara qarşı açıq mövqe saxlayırıq”,
– deyə o, izah edib.

Bundan başqa, şirkət nümayəndəsi “Masdar”ın Xəzər dənizində
dəniz külək enerjisi potensialının reallaşdırılmasını
sürətləndirmək üçün texniki-iqtisadi əsaslandırmada maraqlı
olduğunu vurğulayıb.

“Xəzər dənizində dəniz külək enerjisinin işlənilməsi
Azərbaycanda bərpa olunan enerjinin inkişafı ilə bağlı sazişin
birinci mərhələsinin bir hissəsidir və hazırda texniki-iqtisadi
əsaslandırmalar aparılır”, – deyə o bildirib.

Əl Məzrui qeyd edib ki, müxtəlif investorlar Xəzər dənizinin
Azərbaycan sektorunda dəniz külək enerjisinin böyük potensialından
istifadəyə böyük maraq göstərirlər.

“Dəniz külək enerjisi günəş enerjisi ilə müqayisədə daha
mürəkkəbdir. Logistika, təchizat zənciri və texniki
qiymətləndirmələr baha başa gəlir”, – deyə o bildirib.

Əl Məzrui xatırladıb ki, 2022-ci ildə “Masdar” Azərbaycanla Şuşa
şəhərində 10 GVt gücündə bərpa olunan enerji mənbələrinin tətbiqi
proqramını əhatə edən iki saziş imzalayıb.

“Biz sazişi iki mərhələdə həyata keçirməyi planlaşdırırıq –
birinci mərhələ 4 GVt və ikinci mərhələ 6 GVt. Birinci mərhələyə 1
QVt quruda külək enerjisi, 1 QVt günəş enerjisi və 2 QVt dənizdə
külək enerjisi və yaşıl hidrogen potensialı daxildir. Bu mərhələ
günəş fotoelektrik qurğularının istehsalı üzrə iki layihəsini və
bir quruda külək enerjisi layihəsini əhatə edir: 445 MVt gücündə
Biləsuvar günəş elektrik stansiyası, 315 MVt gücündə Neftçala günəş
elektrik stansiyası və 240 MVt gücündə Abşeron-Qaradağ külək
elektrik stansiyası. Biz ölkə rəhbərliyinin gözləntilərini
doğrultmaq üçün bu obyektlərin inkişafının sürətləndirilməsini və
tikintisinin başa çatdırılmasını planlaşdırırıq”, – deyə o
bildirib.

Əl Məzrui daha sonra bildirib ki, “Masdar” Orta Asiyada çox
geniş portfelə malikdir.

“Özbəkistanda regionda ən böyük “Masdar” layihələri portfelinə
sahibik. Azərbaycan 230 MVt layihə də daxil olmaqla 1,2 GVt
layihələrlə ikinci yerdədir. Biz Qazaxıstanda da fəaliyyət
göstəririk, burada 1 GVt üçün müqavilələr imzalamışıq və quruda 500
MVt-dan başlamışıq. Bundan əlavə, biz Gürcüstanda 100 MVt günəş
enerjisi layihəsini inkişaf etdiririk”, – deyə o bildirib.

Əl Məzrui xatırladıb ki, ötən il “Masdar” Qırğızıstan hökuməti
ilə EDF ilə birlikdə Qırğızıstanda hidroenergetikanın inkişafı
haqqında saziş imzalayıb.

“Hökumətlə müzakirələr davam edir. Bildiyiniz kimi,
hidroenergetikanın inkişafı günəş və külək enerjisi layihələrindən
daha uzun çəkir. Bununla belə, biz lazımi araşdırmalar aparırıq və
ümid edirik ki, onlar öz bəhrəsini verəcək. Sərf olunan vaxt
Qırğızıstan hökuməti ilə apardığımız müzakirələrin gedişindən asılı
olacaq”, – deyə o bildirib.