Advertisement

AİİB Azərbaycanın COP29-da hədəflərini dəstəkləməyə hazırdır – Lüdqer Şuknext (Özəl müsahibə) (FOTO/VİDEO)

Bakı. Trend:

Layihələr vasitəsilə Asiya İnfrastruktur və İnvestisiya Bankı
(AİİB) Azərbaycana COP29-un məqsədlərinə uyğun olaraq milli
gündəliyinə nail olmaqda kömək etmək məqsədi daşıyır.

Bu barədə Trend
özəl müsahibəsində AİİB-nin vitse-prezidenti və korporativ katibi
Lüdqer Şuknext bildirib.

“AİİB həm iqlim dəyişikliyinin yumşaldılmasını, həm də
uyğunlaşmanı dəstəkləyən infrastruktura xüsusi diqqət yetirir. Bu
məqsədə nail olmaq üçün biz əsas işimiz olan bərpa olunan enerji və
yaşıl infrastruktura böyük sərmayə qoyuruq. Bundan əlavə, biz
ekoloji dayanıqlığı qorumaqla yanaşı, kommunikasiya şəbəkələrinin,
yolların, dəmir yollarının və limanların modernləşdirilməsi kimi
rəqəmsal əlaqə ilə bağlı layihələrdə iştirak edirik. Biz həmçinin
COP29-u müzakirə etməkdən məmnunuq, ona hazırlıqlar davam edir və
onun gündəliyi yekunlaşdırılır. Burada məqsədimiz Azərbaycanın
prioritetlərini və onlara nail olmaqda bankımızın Azərbaycana necə
dəstək ola biləcəyini araşdırmaqdır”, – deyə L.Şuknext
bildirib.

Onun sözlərinə görə, Paris Sazişi bu baxımdan mühüm əhəmiyyət
kəsb edir və bütün layihələrin milli öhdəliklərə və yüksək ekoloji,
sosial və idarəetmə standartlarına cavab verməsini təmin edir:

“Bu tədbirlər AİİB-yə üzv ölkələrə və müştərilərə öz iqlim
məqsədlərinə nail olmaqda dəstək olmağa imkan verəcək. İnanıram ki,
AİİB Dünya Bankı və Asiya İnkişaf Bankı kimi çoxtərəfli inkişaf
tərəfdaşlarımızla birlikdə COP29-un gündəliyini və Azərbaycanı
dəstəkləməyə hazır olacaq. Əvvəlki görüşlərdə əldə olunan
razılaşmaların həyata keçirilməsinə ehtiyac yaranır və təbii ki,
hər zaman yeni ideyalar və ya planlar hazırlamaq istəyi var. Hesab
edirəm ki, Azərbaycan konsensus yaratmaq, maraqlı tərəfləri bir
araya gətirmək və ümumi məqsədlərə nail olmaq üçün səyləri
əlaqələndirmək üçün bu cür səyləri asanlaşdırmaq üçün
idealdır”.

Lüdqer Şuknext Azərbaycana səfərinin məqsədlərindən də danışıb.
“Korporativ katib əslində bankın sahibləri, səhmdarları, rəhbərliyi
və əməliyyatları arasında birləşdirici hissədir. Bu mandat
sayəsində biz idarə heyətinin bütün iclaslarının və əsas tədbirimiz
olan illik iclasın düzgün keçməsini təmin edirik. Nəhayət, qeyd
etmək vacibdir ki, AİİB Korporativ katib idarəetmədə dürüstlüyün
təmin edilməsi üçün yüksək korporativ idarəetmə standartlarına
riayət edir. Şübhəsiz ki, COP29 əsas hadisədir və mənim
Azərbaycanda olmağımın səbəblərindən biri də budur. Digər səbəb
səhmdarlarımıza vaxtaşırı səfərlərin vacibliyidir. Bu, mənim ilk
səfərimdir, ilk növbədə ona görə ki, COVID-19 bank üzvləri ilə
görüşmək üçün səyahət etməyimizə mane oldu və bu, işin ləngiməsinə
səbəb oldu. Bundan əlavə, bizim bu ilin sentyabr ayının sonunda
Özbəkistanda illik iclasımız planlaşdırılıb. Ümid edirik ki,
Azərbaycan bu illik toplantılara hazırlıq görəcək və orada güclü
təmsilçiliyi təmin edəcək”, – deyə o bildirib.

L.Şuknext qeyd edib ki, AİİB qlobal maliyyə bazarlarında yaşıl
maliyyənin inkişafına töhfə vermək üçün çalışır: “Maliyyə sahəsinə
gəlincə, AİİB yüksək ekoloji, sosial və idarəetmə standartlarına
sadiqdir və Paris Sazişinə riayət etməyi tələb edir. Buraxdığımız
bütün istiqrazlar və təmin etdiyimiz maliyyə ekolji və davamlıdır.
Maliyyə fəaliyyətlərimiz və fandreyzinq səylərimizlə biz qlobal
maliyyə bazarlarında yaşıl maliyyənin inkişafına töhfə
veririk”.

Onun sözlərinə görə, bank öz layihələri çərçivəsində maliyyə
vasitəçiliyi ilə məşğul olur ki, bu da layihələrin birbaşa
maliyyələşdirilməsini, həmçinin bankların və digər maliyyə
vasitəçilərinin maliyyələşdirilməsini nəzərdə tutur.

O, həmçinin vurğuladı ki, aşağı gəlirli ölkələrə dəstək
məqsədilə AİİB layihələrin hazırlanmasının maliyyələşdirilməsi və
güzəştli maliyyələşdirmə kimi maliyyə yardımı edir:

“Bu dəstək birbaşa bizdən və ya bu layihələrə töhfə verən digər
üzv ölkələrdən gələ bilər. Ən yoxsul ölkələrə verilən yardım məhdud
olsa da, hələ də mövcuddur”.

O, yekunlaşdıraraq əlavə edib ki, Azərbaycan COP29-a ev
sahibliyi etməklə və nazirliklərini danışıqlara fəal cəlb etməklə
iqlim dəyişikliyi gündəliyində liderə çevriləcək:

“Ümid edirik ki, Azərbaycan da iqlimlə bağlı infrastrukturunu və
potensialını inkişaf etdirmək və gücləndirmək üçün bu fürsətdən
istifadə edəcək. Beləliklə, COP29 gündəliyi çərçivəsində insanları
bir araya gətirmək, konsensusun gücləndirilməsi və ideyaların
inkişaf etdirilməsi Azərbaycanın bu baxımdan əsas töhfəsi olacaq.
Biz burada olmaqdan, müzakirələrdə iştirak etməkdən və Azərbaycanın
iqlim gündəmini dəstəkləməkdən qürur duyuruq. Bununla biz
konfransın məqsədlərinə nail olmağa öz töhfəmizi verməyə
çalışırıq”.