Bakı. Trend:
2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”,
“Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan”, eləcə də, Laçın
rayonunda yerləşən “Mirik” və “Qarıqışlaq” kiçik su elektrik
stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla
karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi
məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı
çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” və İsveçrədə
yerləşən “Gold Standard” qurumlarına müraciət edilib.
Bu barədə Trend-ə “AzərEnerji”dən məlumat verilib.
Bildirilib ki, yuxarıda qeyd edilən qurumlar tərəfindən yeddi
kiçik su elektrik stansiyası üzrə sənədlərə ilkin baxış keçirilib
və qeydiyyat proseduru çərçivəsində sahə auditi təyin olunub. Sahə
auditi mərhələsinin icrası məqsədilə audit şirkəti cəlb edilib. Bu
mərhələ 10 iyun 2024-cü il tarixindən başlayaraq, üç gün ərzində
Azərbaycanda səfərdə olan ekspert tərəfindən həyata keçirilib.
Qeydiyyat proseduru davam edən yeddi kiçik su elektrik
stansiyasının fəaliyyəti nəticəsində il ərzində 45 – 50 min ton
karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması
nəzərdə tutulub.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək
bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda
iştirak üçün müraciət edilən ilk layihələrdəndir.



























