
Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Müdafiə
Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya
Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin
yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə
komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə
müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, toplanışda anbarların,
saxlancların, açıq saxlama meydançalarının, sexlərin,
emalatxanaların, qarajların, parkların və digər yanğın təhlükəli
obyektlərin yanğından mühafizə olunma qaydaları, yanğının baş
verdiyi anda genişlənməsinin qarşısını almaq üçün görüləcək işlər
praktiki olaraq icra edilib.
Hərbi hissələrin yanğından mühafizə xidməti və ştatlı yanğından
mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə
müfəttişlərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi
məqsədilə keçirilən təlimdə iştirakçılara yanğın təhlükəsizliyi
tədbirləri izah olunub.
Anbarda baş vermiş şərti yanğının qarşısını almaq üçün öncə
mühafizəçinin növbətçiyə ötürdüyü “Anbarda yanğın!” komandası ilə
yanğınsöndürən briqadanın fəaliyyəti izlənilib. Yanğın baş verdiyi
yerin su şırnakları ilə söndürülməsi, həmçinin təcili yardım
briqadasının da hadisə yerinə cəlb edilərək tüstüdən zəhərlənən
çalışanların təxliyəsi və onlara ilkin tibbi yardımın göstərilməsi
üzrə tapşırıqlar yerinə yetirilib.
Təlim-metodiki toplanış yanğından mühafizə xidmətinə cavabdeh
şəxslərin yerlərdə yanğından qabaqlayıcı tədbirlərin həyata
keçirilməsinin öyrənilməsi ilə başa çatıb.





























