Advertisement

Ekoloji hüquqpozmalarla bağlı 4 il ərzində 4,2 milyon manatın dövlət büdcəsinə ödənilməsini təmin edilib – Baş prokuror

Bakı. Trend:

2024-cü ildə COP29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq
edilib.

Trend xəbər ve3rir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev
Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində
Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda
elmi-praktiki konfransda deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi
mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil
qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana
böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və
qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz
nümunəsidir:

“Prokurorluq olaraq biz də bu reallıqlara uyğun fəaliyyət
göstərməliyik. Azərbaycan Respublikası Baş Prokurorluğunda və
yerlərdə ekoloji hüquqpozmalara qarşı mübarizə, maarifləndirmə və
həmin qəbildən pozuntuların qarşısının alınması məqsədilə dərin
ixtisaslaşma işi aparılıb.

2020-ci ildə təsis olunan Cinayət təqibindən kənar icraatlar
idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan rayon
prokurorlarının köməkçiləri tərəfindən bu günədək 701 cinayət
xarakterli məlumat araşdırılıb, 407 cinayət işi başlanılıb.

4.193.168 (dörd milyon yüz doxsan üç min yaz altmış səkkiz)
manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin
edilib.

Ümumilikdə, inzibati xəta haqqında işlər üzrə başlanılmış
icraatlardan 418-i fiziki, 530-u vəzifəli, 84-ü hüquqi şəxslər
barəsində olub. Bunların əhəmiyyətli hissəsi ekoloji pozuntularla
bağlı olub.

Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun
tələblərinə əsasən, idarə tərəfindən qanun pozuntularının, onları
doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq
təşkilatlara, yaxud vəzifəli şəxslərə 229 təqdimat və qanun
pozuntularından çəkindirmək məqsədilə 197 rəsmi xəbərdarlıq
edilib.

Qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb
olunması və dəymiş ziyanın ödənilməsi ilə yanaşı Baş Prokurorluq
tərəfindən maarifləndirici, qabaqlayıcı və bərpaedici effekt
daşıyan ECOLEAD platforması formalaşdırılır. Biz bu layihəni
Azərbaycan Respublikasının Ekologiya Və Təbii Sərvətlər Nazirliyi,
Bakı Dövlət Universiteti və bu sahədə fəal olan qeyri-hökumət
təşkilatları ilə qururuq.

ECOLEAD platformasının məqsədi maarifləndirmə və hüquq mühafizə
tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, ətraf mühitin
mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu
sahələrdə mövcud təcrübəni bölüşməklə çoxtərəfli münasibətlərin
səmərəli təşkil edilməsi və inkişafının təşviqi, ətraf mühitin
əleyhinə qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə
pozuntuların qarşısının alınması, toplanmış bilik və məlumatların
paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha
operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin
genişləndirilməsidir”.

Baş Prokuror deyib ki, ECOLEAD platforması işinin əsasını
“ECOLAB”, “Ecoclinic” və “Cərima Parkı – Təbiətin Qisası”
komponentlər təşkil etməklə prokurorluq əməkdaşları, ekoloqlar, ali
təhsil ocaqları və QHT-lərin birgə səyləri nəticəsində ətraf mühit
əleyhinə cinayətlərin araşdırılması, bu sahədə pozuntuların
qarşısının alınması, bu zaman toplanmış bilik və məlumatların
paylaşılmasına yönəlir:

“Vahid istiqamətdə fəaliyyət göstərəcək peşəkarlar üçün
formalaşan ECOLEAD platforması Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin daha yaxşı
həlli üçün tədqiqat ehtiyaclarını, ekoloji pozuntuların qarşısının
alınması və həllinə maraqlı tərəflərin cəlb edilməsini, ekoloji
sahədə peşəkarlararası dialoqun təkmilləşdirilməsinə xidmət
edəcək”.