Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilən
“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması
haqqında şəhadətnamə” beynəlxalq daşımalar üçün də keçərli
oldu.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Belə ki, “Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına
buraxılması haqqında şəhadətnamə”nin formasının beynəlxalq
tələblərə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişiklik əsasında
Agentlik tərəfindən şəhadətnamələrin beynəlxalq tələblərə uyğun
yeni formada verilməsinə başlanılıb.
Qeyd edək ki, əvvəllər verilən şəhadətnamələr “Təhlükəli
yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa
Sazişinin tələblərinə uyğun olmadığından, fiziki və hüquqi şəxslər
tərəfindən təhlükəli yüklərin beynəlxalq daşınmasında çətinliklər
yaranırdı. Belə ki, təhlükəli yüklərin daşındığı nəqliyyat
vasitələri xarici dövlətlərlə sərhəddə saxlanılır və beynəlxalq
daşımaya uyğun şəhadətnamə tələb edilirdi. Nəticədə ixrac və ya
idxal olunan təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə
beynəlxalq daşınması Azərbaycan Respublikasının daşıyıcıları
tərəfindən deyil, Sazişə qoşulmuş digər ölkələrin şirkətləri
tərəfindən həyata keçirilirdi.
Beləliklə, şəhadətnamənin yeni forması yuxarıda qeyd olunan
problemi həll etməklə yanaşı, milli qanunvericiliklə beynəlxalq
saziş arasındakı uyğunsuzluğu aradan qaldırır, eyni zamanda yerli
daşıyıcıların potensial müştərilər qarşısında nüfuzunu artırır və
yeni iş imkanları yaradır.





























