Advertisement

Xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu başa çatıb

Bakı. Trend:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na
2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə,
Dövlət Proqramına 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835
namizəd müraciət edib. 209 nəfər bakalavriat, 626 nəfər isə
magistratura səviyyəsi üzrə müraciət edib.

Daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İtaliya,
Almaniya, daha çox müraciət olunan ixtisas istiqamətləri sırasında
isə informasiya texnologiyaları, dövlət idarəetməsi, statistika və
verilənlərin təhlili, mühəndislik, maliyyə yer alır.

Bununla yanaşı, Dövlət Proqramına dünyanın ən yaxşı
universitetləri üzrə top-10-da yer alan ali təhsil müəssisələrinə
qəbul üçün müraciət sayı 150-dən çoxdur.

Sənədlərin ekspertizası bitdikdən sonra müsahibələrin həyata
keçirilməsi və ilkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə
tutulur.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində hər il 80-i
bakalavriat, 320-si magistratura üzrə olmaqla ümumilikdə 400
nəfərədək Azərbaycan Respublikası vətəndaşının təhsilinin
maliyyələşdirilməsi üçün yer ayrılır.