
Bakı. Trend:
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan
şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan
polislərlə vida mərasimi keçirilib.
Trend xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin
rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Həlak olan polis əməkdaşları – polis kapitanı Eldəniz Məmmədov,
polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu
gün torpağa tapşırılacaq.
Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan
qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan
1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis
əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət
göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə
verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd
edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov
silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı
qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları
tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam
etdirilir.





























