Bakı. Trend:
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan
şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan
polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov
qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
Trend xəbər verir ki, dəfn mərasimində polis kapitanının ailə
üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak
ediblər.
Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov
yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna
dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər
qoyulub.
Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı
övladlarına verilib.
Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan
qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan
1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis
əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət
göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə
verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd
göstərib. Yaranmış vəziyyətdən istifadə edərək Rövşən Allahverdiyev
“Lancaster” markalı ov silahından atəş açmaqla 3 polis əməkdaşını
və 1 mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları
tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam
etdirilir.





























