Advertisement

Onlar gələcəyin Olimpiya çempionlarıdır – Firdovsi Umudov

Bakı. Trend:

Komandamızdan bu nəticəni gözləyirdik.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının
vitse-prezidenti Firdovsi Umudov deyib.

O, Avropa birinciliyində uğurlu mübarizə aparan Azərbaycan
yığmasının çıxışını dəyərləndirib. Federasiya rəsmisi bildirib ki,
qazanılan nəticə təqdirəlayiqdir: “İdmançılarımızdan hər zaman
yüksək nəticə gözləyirik. Bu uğura imza atan yeniyetmələrimiz
gələcəyin Olimpiya çempionlarıdır. Sevinirik ki, bu cür güclü
idmançılarımız yetişir. İnanırıq ki, bu günün yeniyetmələri
gələcəkdə Avropa, dünya və Olimpiya çempionlarına
çevriləcəklər”.

Umudov əldə olunan nəticələrin federasiya rəhbərliyini çox
sevindirdiyini qeyd edib: “Əldə olunan nəticələrin bizə rahatlıq
verəcəyini demək olmaz. Bizim gələcəklə bağlı planlarımız var və bu
nəticələri qoruyub, saxlamalıyıq. Yığmanın heyətindəki
idmançılarımızın böyük nəticələr qazanacaqlarına inanırıq”.

Qeyd edək ki, Azərbaycan yığması Yunanıstanın Saloniki şəhərində
keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə
Avropa birinciliyində 18 medal qazanıb.