Advertisement

Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edəcək

Bakı. Trend:

27-28 iyun tarixlərində Azərbaycan beynəlxalq foruma ev
sahibliyi edəcək.

Trend bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
istinadən məlumat verir.

Bildirilib ki, iyunun 27-də Bakıda “Yaşıl dünya naminə
Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı
Beynəlxalq Forum keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC-nin
təşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətraf
mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət,
ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu
qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə
olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların
yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Bakı forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif
beynəlxalq təşkilatların, o cümlədən, bir sıra xarici ölkələrin
nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək.

Qeyd edək ki, tullantıların səmərəli idarə olunması sahəsində
dayanıqlı təcrübələrin təşviqində, beynəlxalq əməkdaşlıqda,
innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında
müzakirələrin aparılmasında bu Forumun yeni bir platformaya
çevrilməsi gözlənilir.

Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlər
tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə,
innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantıların
azaldılması strategiyalarının təşviqinə dair “Sıfır Tullantı” Bakı
Təşəbbüsü qəbul ediləcək.