Advertisement

Ölüm hökmü bərpa edilsin? – Deputatdan təklif

Bakı. Ternd:

Məlum olduğu kimi, dünən Xəzər rayonunda 3 polis əməkdaşı
axtarışda olan cinayətkar tərəfindən qətlə yetirildi. Bir daha
həyatını itirən polislərimizin ailəsinə dərin hüznlə başsağlığı
verir, Allahdan rəhmət diləyirik. Hər kəsə məlum olduğu kimi, bu
gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla
mübarizə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyət malikdir. Bu
gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman
ölkələrindən birinə çevrilib.

Trend-in məlumatına görə, bunu deputat Ceyhun Məmmədov
parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, heç şübhəsiz ki, polisə atılmış güllə
dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs
ciddi şəkildə cəzalandırılmalıdır.

“Onu da qeyd etməliyik ki, həm birinci, həm də ikinci Qarabağ
müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal
iştirak ediblər. Azərbaycan müstəqilliyini əldə ilk gündən
torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda
şəhid veriblər.

Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə
asayişin təmin olunması üçün səylə çalışır.
Bütün bunlarla yanaşı, hesab edirəm, dünən baş verən hadisə
cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri
edir.

Eyni zamanda, düşünürəm ki, əhalidə olan qanunsuz silahlarla da
bağlı sərt addımların atılmasına və tədbirlərin həyata
keçirilməsinə ciddi ehtiyac var.

Sonda bir məqama da diqqət çəkmək istəyirəm. İllər öncə
Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd ki, proseslər göstərir
ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm
cəzası daha effektivdir.

Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə
cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas
yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad
olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə
olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”, – deyə o
əlavə edib.