Advertisement

Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub

Bakı. Trend:

Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə
cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub.

Trend xəbər verir ki, bu barədə Şabran Rayon Prokurorluğu
məlumat yayıb.

Bildirilib ki, iyunun 24-ü Şabran rayonu ərazisində 1970-ci il
təvəllüdlü Gülnarə Hüseynovanın öldürülməsi, onun əri 1966-cı il
təvəllüdlü Arif Hüseynova isə xəsarət yetirilməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1983-cü il təvəllüdlü Elçin Fərzəliyev və Murad
Məmmədovun Şabran şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən
yaşayış evində dəmir predmetlə (mismarçıxaran) xəsarətlər
yetirməklə Gülnarə Hüseynovanı qəsdən öldürməsi, onun əri Arif
Hüseynovu isə öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam
öldürmə) və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə)
maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən Elçin Fərzəliyev və Murad
Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil
verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs
qismində tutulublar.