Advertisement

Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa çatdırıb

Zəngilan. Trend:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və
Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan
rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin
Əməkdaşlıq Forumu iyunun 25-də başa çatıb.

Trend xəbər verir ki, iyunun 24-də işə başlayan və ictimai
birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun ikinci
günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və
“COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel
müzakirələr keçirilib.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz
Mirzəyevin moderatorluğu ilə keçən “Ermənistanın dağ-mədən
sənayesinin ekoloji fəsadları”panelində Ekologiya və Təbii
Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environmental
Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov,
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun
prezidenti Sabit Bağırov, “Azərbaycan Kartoqrafları” İctimai
Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti
Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov Ermənistanın
dağ-mədən sənayesinin ekoloji fəsadları haqqında ətraflı məlumatlar
veriblər.

Forum iştirakçılarına Ermənistan respublikasının mineral xammal
resurslarının – dağ-mədən sənayesinin xəritəsi təqdim olunub.
Bildirilib ki, 3 dildə hazırlanan xəritədə Ermənistandan
Azərbaycana axan çayların çirkləndirilməsi faktları öz əksini
tapıb. Xəritədə istismar olunan və istismarı dayandırılan faydalı
qazıntı mənbələri barədə məlumatlar yer alıb və ekologiyanın
çirklənməsinə səbəb olan zavodların məkanları öz əksini tapıb.
Bildirilib ki, bu zavodlar əsasən Zəngəzur ərazisində yerləşir.

Ekologiyanın çirklənməsinə səbəb olan zavodlardan atılan
tullantılar Araz çayının qollarına axıdılır. Bundan başqa,
müzakirələrdə Ermənistanın Naxçıvanla sərhəddə yerləşən
zavodlarının hava qatına və su mənbələrinə, həmçinin bitki örtüyünə
vurduğu fəsadlar haqda da danışılıb. Qeyd olunub ki, sadalanan
faktlar ekologiya ilə yanaşı, Sədərək rayonunun ərazisində yaşayan
23 min nəfər əhali üçün də ciddi təhlükə sayılır.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər
Allahverənovun moderatorluğu ilə keçən “COP29 və Yaşıl Dünya Naminə
Həmrəylik Hərəkatı” adlı panel müzakirədə isə COP29-un Təşkilat
Komitəsinin üzvü, “Smart Nation” platformasının təsisçisi Şəbnəm
Məmmədova, COP29-un Təşkilat Komitəsinin üzvü, “Qadın, İnkişaf,
Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, COP29-un
Təşkilat Komitəsinin üzvü, “EkoSfera Sosial Ekoloji Mərkəzinin
sədri Firuzə Sultanzadə, COP-lar üzrə ekspert İsa Əliyevin
çıxışları dinlənilib. Çıxışlarda iqlim dəyişməsinə təsir edən
amillərdən, ekoloji fəsadların aradan qaldırılması üçün görülən
tədbirlərdən söhbət açılıb.

Bildirilib ki, Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirə ev
sahibliyi etməsi təqdirəlayiq haldır. Panel müzakirədə Qarabağ və
Şərqi Zəngəzurda görülən işlərdən də söhbət açılıb. Qeyd edilib ki,
işğaldan azad olunan ərazidə yaşıl enerji prioritet məsələ kimi yer
alır. Həmçinin müzakirələrdə yaşayış məntəqələrində yeni nəsil
texnologiyalardan istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Panel müzakirələr bitdikdən sonra “Yaşıl Dünya Naminə Azərbaycan
QHT-lərinin Həmrəylik Müraciəti” oxunub.

Tədbirin sonunda bədii hissə təqdim olunub.

Bununla da Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa
çatdırıb.