
Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın
günlər ərzində ölkə ərazisində güclü külək əsəcəyi, ayrı-ayrı
yerlərdə leysan yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın
keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar
Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə
əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə
çağırıb.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və
müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,
elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur:
“Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi
zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət edilməlidir.
Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz
tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada
dənizə girmək təhlükəlidir.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi sel və
daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik
cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,
taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,
ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”.





























